Yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə əlaqədar Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
Xidmətdən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə Xidmətin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.
O qeyd edib ki, işə qəbulla bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib və namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər.
İlkin olaraq, müsabiqənin cari ilin aprel ayının sonunadək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə də müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.
E. Süleymanov bildirib ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınır.
Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.