Abayın 175 və Türk Akademiyasının 10 illik yubileyi beynəlxalq videokonfransla qeyd olunub

Abayın 175 və Türk Akademiyasının 10 illik yubileyi beynəlxalq videokonfransla qeyd olunub
# 22 may 2020 14:36 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyası (BTA) fəaliyyətə başlamasının 10 illik yubiley tədbirləri çərçivəsində, türk dünyasının ortaq tarixi şəxsiyyəti Abay Kunanbayevin anadan olmasının 175 illiyinə həsr olunan, “Abay və ХХІ əsr: tarixdən dərslər” adlı videokonfrans təşkil edib.

APA-nın məlumatına görə, canlı yayın formatında gerçəkləşən konfransa Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, UNESCO-nun Asiya və Sakit Okean Ölkələri bölməsinin rəhbəri Andrey Şevelyov, Qazaxıstanın Təhsil və elm naziri Asxat Aymaqambetov, Qırğızıstanın Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türk Şurası Baş katibinin müavini Sultan Rayev, TÜRKPA Baş katibinin müavini Ali Yıldız, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Türkiyə UNESCO Milli Komissiyasının rəhbəri Öcal Oğuz, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Türk Dil Qurumunun başqanı Gürer Gülsevin, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Monqolustan, Özbəkistan, Türkiyə, Başqırdıstan və digər ölkələrdən tanınmış türkoloq və alimlər qatılıblar.

Tədbirə moderatorluq edən Darxan Kıdırəli bildirib ki, 2009-cu ildə Azərbaycanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində Türk Akademiyasının yaradılması barədə qərar qəbul olunub və 2010-cu ilin 25 may tarixində təşkilat rəsmi fəaliyyətə başlayıb. Akademiyanın əsas tədqiqat istiqamətlərindən biri türk dünyasının tarixi şəxsiyyətlərinin zəngin mənəvi mirasının öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasıdır. Bu çərçivədə həyata keçirilən Abay Kunanbayulının 175 illik yubiley tədbirləri 2020-ci ilin yanvar ayında Bakıda “Abay ili”nin açılış mərasimi ilə başlayıb. Türk xalqlarının mənəvi dünyasının təmsilçisi olan ədibin yubileyinin dünyanın müxtəlif şəhərlərində, o cümlədən UNESCO-da qeyd olunması planlaşdırılsa da, pandemiya səbəbindən hazırda onlayn formada keçirilir.

UNESCO-nun Asiya və Sakit Okean Ölkələri bölməsinin rəhbəri Andrey Şevelyov, Qazaxıstanın Təhsil və elm naziri Asxat Aymaqambetov Abay yaradıcılığının bəşəriyyət üçün böyük mənəvi miras olduğunu bildiriblər.

Qırğızıstanın Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov Türk Akademiyasının illik yubileyi münasibətilə prezident Sooronbay Jeenbekovun təbrik məktubunu oxuyub.

Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Abay Kunanbayevin anadan olmasının 175 və Türk Akademiyasının 10 illik yubileylərinin türk dünyası üçün əhəmiyyətli hadisə olduğunu qeyd edib. Diplomat bu münasibətlə Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun adından ünvanlanan təbrik məktubunu oxuyub.

Məktubda qeyd olunur ki, türkdilli ölkələrin elmi irsinin tədqiqi, tanıdılması və gələcək nəsillərə ötürülməsində Türk Akademiyası əhəmiyyətli rol oynayır. 10 aprel 2020-ci ildə Türk Şurasının sədri kimi Azərbaycan Prezidentinin videokonfrans formatında fövqəladə Zirvə Görüşünü çağırması və həmin görüşdə qəbul olunan əhəmiyyətli qərarlar ölkələrimiz arasındakı həmrəyliyin əyani sübutudur.

Səfir Rəşad Məmmədov öz növbəsində Abay Kunanbayevin XIX əsrdə maarifçilik hərəkatının başlaması və qazax xalqının maariflənməsində əvəzsiz rol oynadığını, əsərlərindəki dərin məna yükü ilə milli sərhədləri aşaraq beynəlxalq miqyaslı tarixi şəxsiyyətə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev 1995-ci ildə onun 150 illik yubileyinin Azərbaycanda da qeyd edilməsi barədə göstəriş verib. Həmin il Almatıda keçirilən yubiley tədbirlərində Heydər Əliyevin şəxsən iştirakı onun Abay yaradıcılığına verdiyi yüksək qiymətin əyani göstəricisidir. Bu baxımdan, Azərbaycan BTA-nın ortaq tarixi şəxsiyyətlərimizlə bağlı fəaliyyəti təqdirəlayiq hesab edir. Qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Türk Akademiyası bu il palanlaşdırdığı tədbirləri təxirə salmayıb. Qısa müddətdə Abayın “Qara sözlər”i Azərbaycan dilinə tərcümə olunub və işıq üzü görüb.

Eyni zamanda, Azərbaycanın tanınmış dramaturq və dövlət xadimləri Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun 150, böyük bəstəkar Üzeyir Hacıbəyovun 135 illik yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması, əsərlərinin tərcümə olunması Akademiyanın builki fəaliyyət planına daxil edilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Abay Kunanbayevin əsərlərinin dünyanı sülhə, ədalətə, bərabərliyə, dostluğa çağırdığını, onun yaradıcılığının müasir və hər zaman aktual olduğunu söyləyib. O, filosof şairin əsərlərinin bir neçə dəfə kitab halında Azərbaycan dilinə tərcümə olunduğunu və bu prosesdə Süleyman Rüstəm, Məmməd Rahim, Məmməd Araz, Mirvarid Dilbazi kimi böyük sənətkarların iştirak etdiyini vurğulayıb. Bundan əlavə, Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bu il çap olunmuş bir nömrəsinin yazıçıya həsr edildiyini diqqətə çatdırıb. İsa Həbibbəyli özünün və AMEA prezidenti Ramiz Mehdiyevin Beynəlxalq Türk Akademiyasının yaranmasının 10-cu ildönümü münasibətilə təbrik məktublarını oxuyub.

Konfrans çərçivəsində nüfuzlu türkoloqların məruzələri dinlənilib.

20-dək ölkədən müxtəlif dövlət xadimlərinin, alim və tədqiqatçıların iştirak etdiyi videokonfransın sonunda Abayın Azərbaycan, qırğız və özbək dilində tərcümə olunan “Qara söz” kitablarının təqdimatı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR