Stefan Şennak: “Azərbaycan son illərdə yüksək templə inkişaf edir”

Stefan Şennak: “Azərbaycan son illərdə yüksək templə inkişaf edir”
# 04 iyul 2019 12:01 (UTC +04:00)

Bu gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Qeyd edilib ki, əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.

S. Seyidov ölkədə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açıb. Parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. O bildirib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi aktiv surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir.

Qeyd olunub ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır. Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi S. Şennak Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu bildirib. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini deyib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR