“Azərbaycan son məqsədinə - ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, ermənilər Ramil Səfərov məsələsi ilə əlaqədar AİHM qarşısında iddia qaldıraraq, cinayət işinin yenidən başladılmasını, eyni zamanda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanının ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini tələb ediblər və həmçinin Ramil Səfərovun azadlığa buraxılmasında Azərbaycan dövlətini ittiham etməyə cəhd göstəriblər: “Şübhəsiz ki, onlar bu məqsədlərinə çata bilmədilər. AİHM-i nə cinayətin yenidən başladılması ilə əlaqədar, nə də hər hansı tədbir göstərilməsi ilə bağlı qərar qəbul etdi. Bu əslində ermənilərin Avropa hüququ qarşısında da növbəti məğlubiyyəti deməkdir. “Makutyan və Mnasyan Azərbaycana və Macarıstana qarşı” işin adı bu cür idi. Əlbəttə ki, işğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və üstəlik də öz tələbinə AİHM-nin qərarı ilə bir bəraət qazandırmış olsun. Şübhəsiz ki, Azərbaycan AİHM-nin aldığı qərarı doğru hesab edir, çünki bu qərarda ermənilərin heç bir iddiası təmin edilməyib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu məsələ ilə bağlı təkcə ermənilər deyil, eyni zamanda erməni lobbisi və ermənipərəst mərkəzlər də AİHM-nə təzyiqlər edirdilər, müxtəlif vasitələrlə onları qəbul edəcəkləri hüquqi qərardan yayındırmağa çalışırdılar, lakin buna nail ola bilmədilər. Ona görə ki, Azərbaycan güclü dövlətdir, beynəlxalq hüququn ən əhəmiyyətli milli aktorlarından biridir və eyni zamanda Azərbaycan işğala məruz qalan tərəfdir. Belə olan halda hansısa hadisəni manipulyasiya edərək müstəqil dövlətin hegemon iradəsinə hər hansı beynəlxalq məhkəmənin qərarını direktiv kimi tətbiq etmək mümkün ola bilməz. AİHM-nin aldığı qərarda beynəlxalq hüquq və onun tətbiqi texniki baxımdan bu məhkəmə tərəfindən düzgün şərh edilib. Şübhəsiz ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar bundan sonra da bu və ya digər şəkildə istər hüquq-məhkəmə sistemində, istərsə də siyasi qərarların qəbul olunduğu digər beynəlxalq təşkilatlarda rədd ediləcək".