Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bankın maliyyə hesabatını və 2019-cu il üçün xalis gəlirinin bölgüsünü özünün ilk virtual illik iclasında təsdiq edib.
"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, təsdiqetmə Direktorlar Şurasının bu gün keçirilən 53-cü illik iclasının ilk mərhələsində – Direktorlar Şurasının biznes sessiyasında və ya AİB-ə üzvü olan 68 ölkədən təyin olunmuş nümayəndələrin iştirakı ilə baş tutub.
Qeyd edək ki, Azərbaycan sözügedən iclasda iştirak etməyib.
AİB ötən il bankın tarixində ən yüksək xalis gəlir əldə edib – 1,069 mlrd. ABŞ dolları. Bankın Direktorlar Şurası bugünkü iclasda sözügedən məbləğin fondlar arasında bölüşdürülməsi ilə bağlı qərar qəbul edib.
Vəsait bu cür bölüşdürüləcək: AİB kapitalının adekvatlılığını dəstəkləmək və xalis mənfəət üçün gəlir bazası təmin etmək üçün müntəzəm ehtiyatlara 615,7 mln. dollar; AİB üzvü olan azgəlirli ölkələrə qrant verən Asiya İnkişaf Fonduna 259,5 mln. dollar; AİB-in texniki yardımı üçün sabit və gözlənilən maliyyə mənbəyi, habelə COVID-19 pandemiyasına cavab olaraq artan dəstəyi təmin edən Xüsusi Texniki Yardım Fonduna 130 mln. dollar; Regional Əməkdaşlıq və İnteqrasiya Fonduna 30 mln. dollar; İqlim Dəyişməsi Fonduna 24 mln. dollar; Asiya-Sakit Okean Fəlakətlərə Mübarizə Fonduna isə 10 mln. dollar.
Direktorlar Şurası bankın illik maliyyə hesabatlarını da təsdiq edib. Ötən il AİB-in adi əsas ehtiyatları üçün əməliyyat mənfəəti 2018-ci ildəki 889 mln. dollardan 1,1 mlrd. dollaradək artıb. Xalis mənfəət isə 2018-ci ildəki 750 mln. dollardan 1,554 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, ölkələr və digər yüksək səviyyəli hökumət rəsmiləri, özəl sektor nümayəndələri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, alimlər və media nümayəndələri ilə məşğələləri əhatə edən AİB-in illik iclasının ikinci mərhələsi 18-21 sentyabr 2020-ci il tarixlərində Cənubi Koreyanın İnçxon şəhərində keçiriləcək.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,4 mlrd. həcmində vəsait ayırıb.