Azərbaycanda sahibkarlıq subyektlərində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə monitorinqlər keçiriləcək.
İqtisadiyyat Nazirliyindən “APA-Econommics”ə verilən məlumata görə, bununla bağlı fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılıb.
Monitorinq qruplarına nazirliyin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir. Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcək.
Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq.