Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatda deyilir ki, pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir edir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.
Məlumata əsasən, karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcək.
Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə əsasən, sığortaçılara müvəqqəti requlyativ tətillərin verilməsi çərçivəsində xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə 1mart 2020-ci il tarixdən sonra yaranmış və 90 günü aşmış debitor borclarının sığorta ehtiyatı və sığortaçının öz vəsaitlərinin hesablanmasında 1 yanvar 2021-ci ilədək nəzərə alınması, sığortaçılarda səyyar yoxlamaların (növbəti) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla (növbədənkənar) 30 sentyabr 2020- ci ilədək təxirə salınması nəzərdə tutulur.
Sığortaçılara likvidliyin idarə edilməsində dəstəyin göstərilməsi və maliyyə dayanıqlığının qorunması məqsədi ilə İcbari Sığorta Bürosuna təqvim haqqlarının ödənişinə 30 sentyabr 2020-ci ilədək möhlət verilməsi üçün İSB-yə tövsiyə edilməsi təklif edilir.
Həmçinin kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin sığortaçılara tövsiyə edilməsi nəzərdə tutulur.