Böyükağa Hacıyev: “Bəziləri kimi, ərizəni evdə arvada yazdırmıram”

Böyükağa Hacıyev: “Bəziləri kimi, ərizəni evdə arvada yazdırmıram”
# 29 may 2007 16:00 (UTC +04:00)
“Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyevin “APA-Sport” agentliyinə müsahibəsi

- “Bakı” klubunda baş məşqçi kimi fəaliyyətinizi davam etdirəcəksiniz?
- Klub prezidenti Hafiz Məmmədovla görüşdüm. O, klubun növbəti mövsüm üçün strategiyasını açıqladı. Qarşıda mövsümdə “Bakı”nın məqsədinin nə olacağı artıq bizə məlumdur. “Bakı” əvvəllər olduğu kimi, yenə də iddialı olacaq. Bizə isə bu klubdan “get” deyən olmayacaq.
- Hafiz Məmmədovla görüşdə klubdan getməyinizlə bağlı söhbət oldumu?
- Xeyr. Bu haqda heç söhbət olmadı. Əksinə, komandada qalmağım müzakirə olundu.
- Bəs klub prezidenti “Bakı”nın mövsümü üçüncü yerdə başa vurmasından razı qaldımı?
- Bəli. O, nəticədən razı qalıb. “Bakı”da işlədiyim 15 ay müddətində komandaya qızıl və bürünc mükafat qazandırmışam.
- Heyətdə hansı dəyişiklik olacaq?
- Dəyişiklərin olacağı gözlənilir. Fikrimcə, komandanın yeni “qan”a ehtiyacı var. Ola bilər ki, bəzi futbolçularımıza artıq dəvətlər var. Hələ çempionatın qurtarmasına 3-4 gün qalmış baş menecer Zeynal Məmmədovla futbolçulara komandadan getmək istəyəni saxlamayacağımızı bildirmişik. Bizdə oynayıb, ürəyi başqa klubda olanların “Bakı”da olması mümkün deyil. Bizimlə müqaviləsi qurtaran futbolçunu hörmətlə yola salacağıq.
- Futbolçulardan getmək istəyilə bağlı müraciət edən varmı?
- Hələ yox. İyunun 5-6-da yığışırıq. Həmin vaxt bir çox məsələlərə aydınlıq gələcək. İntertoto kubokuna hazırlığa həmin vaxtdan başlayacağıq.
- Deməli, “Bakı”nın bu turnirdə çıxış edəcəyi artıq dəqiqləşib?
- Bəli, prezidentimiz bu turnirdə oynamağı göstəriş verdi.
- Bəs, İntertoto kubokunda məqsədiniz nə olacaq?
- Hər halda, mərhələ keçməyə çalışacağıq. Bildiyiniz kimi, ilk rəqib Moldova, sonrakı İsveçrə və Almaniya təmsilçiləridir. İntertotoda bacardığımız qədər irəliləməyə səy göstərəcəyik.
- İntertoto kuboku mövsümə hazırlığa problem yaradır. Həm də hazırlaşmağa vaxt azdır...
- Ötən mövsüm Çempionlar Liqası və “Birlik Kuboku” turnirinə hazırlaşdığımız vaxt da belə problemlərlə üzləşmişdik. Futbolçularımızı artıq bir neçə gündür istirahətə yollamışıq. Fikrimcə, 15 günlük istirahət normaldır. Sadəcə, milli komandamızda olan futbolçularımız Ramin Quliyevlə Ramazan Abbasovun istirahət etməyə vaxtı olmaması narahatlıq doğurur.
- Hafiz Məmmədov razılıq verməsəydi, İntertoto kubokunda çıxış etmək istərdiniz?
- Klubun siyasətini prezident müəyyənləşdirir. Mən icraçıyam və Hafiz Məmmədovun göstərişlərini yerinə yetirməyə hazıram.
- İntertoto kubokunda çıxış etməkdənsə, hər hansı xarici ölkədə hazırlıq keçmək daha məqsədəuyğun olmazdımı?
- Mən yeganə məşqiyəm ki, xaricdə hazırlıq keçməyə etiraz edirəm. Birincisi, yolda vaxt itiririk. İkincisi də, Antalyada, Kiprdə xalça kimi meydanlarda məşq etdikdən sonra Azərbaycan meydanlarında oynamaq antifutboldur. Bakıda hazırlıq keçmək üçün hər şərait var. Adicə bir misal çəkim: Qubadakı hava şəraitində məşq etdikdən sonra futbolçular bir həftə özlərinə gələ bilmirlər. “Bakı” Azərbaycanın iqliminə uyğun oyun göstərir.
- Bəs, komanda niyə çempionu olmadı?
- “Bakı”nın çempion ola bilməməyinin əsas baiskarı milli komandanın təqvimini quranlardır. İki ayda iki oyun keçirdiyimiz vaxt böyük səhvlərə yol verdik. Milli komandanın rəhbərlərindən gələcəkdə təqvim qurarkən, hərdən məşqçilərlə də məsləhətləşməyi xahiş edirəm.
- Axı məşqçilərlə məsləhətləşmələr olur...
- Bunu Ağasəlim Mircavadov, Vaqif Sadıqovla edirlər. Ancaq bütün elita klublarının məşqçilərinin hamısı ilə məsləhətləşmək lazımdır.
- Bizdə olan məlumata görə, Məşqçilər Şurasının iclasında iştirak etmisiniz?
- Heç vaxt olmamışam, getməyə heç arzum da yoxdur.
- Dəvət gəlməyib?
- Məşqçilər Şurasına can atanlar milli komandada gözü qalanlardır. Onların gələcək strategiyasında millidə işləmək variantı var. Mən isə o həvəslə yaşamıram.
- Hər halda, Məşqçilər Şurasında iştirak edib öz məsləhətlərinizi verə bilməzsiniz?
- Məgər Diniyevin məşqlər korpusunda yer alanlar azlıq təşkil edir? İki ayda iki oyun keçirməkdən Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Qurban Qurbanov, bir sözlə hamısı əziyyət çəkir. Mən getmirəmsə, niyə onlar bu məsələni qaldırmır? Məgər hökmən mən gedib deməliyəm?
- Bəlkə həmin məşqçilər bunu əziyyət kimi qəbul etmirlər?
- Ola bilməz ki, bu, Mircavadov kimi virtuoz məşqçinin nəzərindən qaçsın. Ola bilməz ki, illər boyu millidə tərk tökmüş Əsgər Abdullayev, ömrü boyu yığmada işləmiş Vaqif Sadıqov bunu görməsin. Bilirsiniz, mənim digər məşqçilərdən fərqim ondadır ki, sözü üzə deyirəm. Daha bəziləri kimi görüşəndə öpüşüb, aralanandan sonra arxasınca danışmıram.
- “Bakı”nın çempionluğun ardınca üçüncü yeri tutması uğursuzluqdurmu?
- Uğursuzluqdursa, bunun səbəblərini axtarıb tapmaq lazımdır. Azərbaycan futbolunda bu mövsümdə olduğu kimi, heç vaxt pul rol oynamayıb. Yadda saxlayın, nə qədər ki, böyük pullar var, narazılıqlar, iyrəncliklər də olacaq. Mətbuatın bu qədər yazdığı hakimlik, klubları stimullaşdırmaq neqativ hallardır. “Bakı” yeganə klubdur ki, bu komandada pul hər şeyi həll etmir. Hər şey səmimiyyət üzərində qurulub. Bu sağlam mühiti yaradan isə prezidentimiz Hafiz Məmmədovdur.
- “Bakı” daha yaxşı çıxış edə bilməzdi?
- Keçən il çempionatımızda haqq-ədalət var idi. Ötən mövsüm bütün Azərbaycan klublarına dərs verdik ki, işinizi ehtiyatla görün. Onlar da bundan nəticə çıxararaq, düzgün hərəkət etdilər. Ən böyük səhvlərimiz ilk dövrədə “Şahdağ”, “Qaraba𔝠ilə oyunlarda xal itkilərimiz oldu.
- “Xəzər-Lənkəran”ın çempionluğunu necə qəbul etdiniz?
- “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovla A kateqoriyası ilə bağlı seminarda bir partada otururam. Mircavadov bir neçə gün öncə seminarda “Bakı” ilə görüşü xatırladı. Deyim ki, “Xəzər-Lənkəran” ikinci dövrədə çempionat oyununda zorla əlimizdən qaçdı. Leandro Qomeş əlinə düşən imkanları vursaydı, qələbə qazana bilərdik. “İnter” oynadığı futbola uyğun yeri tutdu. “MKT-Araz”ın yuxarı pillələrdə yer almasını təsadüfi sayırdım ki, sonda bu öz təsdiqini tapdı. “Olimpik” “İnter” “MKT-Araz”dan geri qalsa da, onlardan yuxarı pillələrdə yer almalıydı. Hər halda, “Olimpik” ikinci dövrdə yaxşı oyun nümayiş etdirdi. Bunu keçmiş futbolçumuz Pathe Banquranın “Olimpik”ə gəlişi ilə yox, daha doğrusu Fabio Luis Raminin keçidi ilə əlaqələndirirəm. Hər halda, çempionatı üçüncü yerdə başa vurmuşuqsa, bu da bir qənimətdir. Eyni zamanda, “Bakı”nın büdcəsi iddialı klublarla müqayisədə ən aşağıdır.
- Bəs “Neftçi”nin çıxışı haqda nə deyə bilərsiniz?
- “Neftçi”nin xal itirəcəyini gözləyirdim. Çünki hər təşəkkülün bir tənəzzülü olur. Qurban Qurbanov 6 oyunluq qələbə seriyasından sonra ehtiyat oyunçular skamyasına nəzər yetirib, heyətdə dəyişikliklər etməli idi. Necə ki, mən bunu ötən mövsüm edib çempion oldum. Bu da mənim məşqçi bacarığımı göstərir.
- Qurban Qurbanovun məşqçi kimi təcrübəsini az olduğunu nəzərə almaq lazımdır...
- Bu onun öz problemidir. Əgər bir kostyum əynimə olmursa, onu geymərəm.
- Legionerlərinizdən gedənlər olacaq?
- Gedənlərə yol açıqdır. Bizdə 6 futbolçunun yaşı 30-dan çoxdur. Onlar artıq komandanı arxasınca “aparmırlar”. Aldıqları zədələr də yaşla bağlıdır. Yaşlı futbolçularımızın fiziki durumu onları çox yükləməyə imkan vermir. Belə olan halda, siyasətimizi dəyişib heyətimizi gəncləşdirməliyik. Bir çox məsələlər haqda mayın 30-dan sonra açıqlama verəcəyik. Həmin gün Hafiz Məmmədovla bir daha görüşəcəyəm və ikilikdə söhbətimiz olacaq. Bir sıra futbolçular var ki, komandaya gətirmək istəyirik. Bir sıra futbolçular isə hazırkı komandalarında Çempionlar Liqasında, UEFA kubokunda oynadıqdan sonra bizə gələcəklər.
- Hesab etmirsiniz ki, Qomeslə Laqaqada milli komandamızdan dəvət alaraq, yerli oyunçu statusu daşıdıqdan sonra belə arxayınlama yarandı?
- Milli komandada oynadıqdan sonra Qomeslə Ladaqanın xasiyyətləri dəyişdi.
- Hansı mənada nəzərdə tutursunuz, tənbəlləşdilər?
- İnsanlara yuxarıdan aşağı baxmağa başladılar. Artıq rəqibləri qiymətləndirmirdilər.
- Belə futbolçular sizə lazımdır?
- Qomeslə Ladaqa hazırda vətənlərində istirahət edirlər. Qomeşin müqaviləsi başa çatıb, Laqaqada isə hələ qalıb. Lazım olsalar, çağıracağıq. Gedəni də zorla saxlamayacağıq. Məsələn, eşitmişəm ki, kapitanımız Ramin Quliyev də getmək istəyir. Oyunçu seçiminə baxaraq, qərarımızı verəcəyik. Bir şeyi yadda saxlayın ki, gedən legionerin əvəzinə gətirdiyimiz ondan güclü olacaq. İmkanlarımız böyükdür və istədiyimiz futbolçunu tapa bilərik.
- Elə bir legionerin adını çəkə bilərsinizmi ki, o, sizə çox lazımdır? Misal üçün seneqallı qapıçı Xalidu Sissokonun komandanızın yarısı olduğunu demişdiniz.
- Sissoko mənə lazım olan yeganə legionerdir. Digər legionerlərdən fərqli, lazım gəlsə, onu məcburən saxlayacağıq.
- Legionerlərlə bağlı AFFA-nın konfransında qəbul olunan “5+2” limiti işinizə təsir göstərəcək?
- Heç bir təsiri olmayacaq. Hətta ola bilsin ki, yeni mövsümdə daha az legionerlə oynayacağımızı görəcəksiniz. İkinci komandadan perspektivli futbolçular cəlb etmişik. Üç il öncə Azərbaycan futbolçusu avtobusla getməyə 15 qəpik tapmırdı. Amma indi 50 min dollar alan futbolçu növbəti mövsümdə 100 min dollar istəyir. Mənim futbolçunun bağladığı müqavilənin məbləğindən xəbərim yoxdur. Futbolumuzda qiymətlərin artımı ilə bağlı problemi elə öz oyunçularımız yaradır. “Bakı” maliyyə durumuna görə nə “bərk gedəndir”, nə də axıra qalan.
- “Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyev yenidən komanda işləyəcək?
- Bunu mən yox, klubumuzun prezidenti Hafiz Məmmədov müəyyənləşdirir. Komandanın hazırlığından kənar olan məsələlər məni maraqlandırmır. Başqalarının işinə qarışmıram, öz işimi də qarışmağa imkan vermərəm. Savadlı insanam. Vaxtilə tarix fakültəsini öz biliyimlə başa vurmuşam. Yazı-pozu işini bacarıram. Daha bəziləri kimi, ərizəni evdə arvada yazdırmıram.
- Eşitdiyimizə görə, başqa klublardan dəvət almısınız?
- Təkliflərim çoxdur. Mayın 30-dan sonra üç-dörd günlüyə Azərbaycanı tərk edəcəyəm.
- Başqa klublarla danışıqlara gedirsiniz?
- Ola bilsin ki, bəzi adamlarla görüşdüm.
- Təkliflər Rusiyadandır?
- Rusiyadan da təkliflər var.
- Yəqin ki, bu yüksək liqa yox, birinci dəstə klublarındandır?
- Elədir.
- “Bakı”da hər şey sizi qane edirsə, nəyə görə gedirsiniz?
- Getmək fikrim olsaydı, ötən mövsüm gedərdim. “Bakı”nın baş məşqçi kimi ardıcıl 8 oyunda qələbə qazanıb komandanı çempion etdikdən sonra çoxlu təkliflər aldım. Bilirsiz, daş düşdüyü yerdə ağır olar. O məşqçi xoşbəxtdir ki, Hafiz Məmmədov kimi prezidenti olan klubda işləyir. Lazım olsa, Hafiz Məmmədov üçün havayı da işləyərəm. Çətin günlərində yalnız Hafiz Məmmədovla Zeynal Məmmədov mənə dəstək verərək, yıxılmağa qoymadılar.
- Uzun müddət mətbuata danışmamağınıza səbəb nə idi?
- Sifarişlə istefaya getməli olmağımla bağlı haqqımda yazılar dərc olunurdu. Mən də bir müddət danışmamağa üstünlük verib sakitcə kənarda dayandım. “Bakı”ya bürünc medal qazandırdıqdan sonra nə deyəcəklərini gözləyirəm. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR