Qurban Qurbanova Yunanıstan qanunlarını pozduğu üçün viza verilməyib

Qurban Qurbanova Yunanıstan qanunlarını pozduğu üçün viza verilməyib
# 05 iyul 2007 10:36 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanovun üzləşdiyi problem həllini tapıb. Bu barədə “APA-Sport” agentliyinə Qurban Qurbanovun özü məlumat verib. Onun sözlərinə görə, Avstriyaya vizasının yubadılması ilə bağlı Almaniyanın ölkəmizdəki konsulu ilə görüşüb: “Konsul vizanın gecikdirilməsinin səbəbini mənim üçün təəccüblü məqamla əsaslandırdı. Guya, mən vaxtilə Yunanıstanda olarkən qanun pozuntusuna yol vermişəm. Əslində belə şey olmayıb. Heç vaxt Yunanıstanda olmamışam. Belə olan halda, orada necə qanun pozuntusuna yol verə bilərəm? Konsula indiyədək Yunanıstanda olmadığımı, getdiyim ölkələrə səfərlərimin futbolla bağlı olduğunu və qanunlara həmişə riayət etdiyimi dedim. Mənə viza verənlər öz dediklərinin üstündə duraraq, məni başqa adamla səhv salmadıqlarını iddia etdilər. Maraqlıdır ki, onların nəzərdə tutduğu Qurban Qurbanov təkcə ad, soyada görə yox, atasının adı və başqa göstəricilərə görə guya mən olmuşam”. Q.Qurbanov artıq vizanın verilməsi ilə bağlı problemin qalmadığını bildirib: “Avstriyaya viza verilərkən, Yunanıstanla bağlı problemin ortaya atılması təsadüfi deyil. Belə ki, Avstriya kimi, Yunanıstan da Şengen vizası tətbiq olunan ölkələrdəndir. Şengen vizasını verərkən, bu viza tətbiq edilən bütün ölkələr nəzərdən keçirilir. Viza almaqla bağlı çətinliklə üzləşsəm də, əsas problemin arxada qalmağıdır. Konsul bu gün saat 16:00-da gəlib vizanı götürə biləcəyimi dedi. Bununla da Avstriyaya “Neftçi”nin hazırlıq prosesinə yollanacağam. Artıq Avstriyaya bilet də sifariş etmişəm. Bu gecə Avstriyaya Almaniyadan, Bakı-Frankfurt-Zalsburq reysilə uçmaqla, birbaşa komandam qalan məkana yollanacağam”. Q.Qurbanov viza problemi olan türkmənistanlı yarımmüdafiəçi Nazar Bayramovun da viza probleminin həlli olunduğunu söyləyib: “Onun şəxsiyyət vəsiqəsində problem yarandığından, viza alması yubanırdı. Nazarın vizasını sabah verməlidirlər. Viza alan futbolçularımız Aleksandr Çertoqanov, Vladimir Miçoviç, məşqçilərimiz İqor Getman və Musa Qurbanov Bakıda qalaraq, Nazarı gözləyirlər. Onlar sabah Bakı-Vyana reysilə Avstriyaya yollanacaqlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR