FİFA “Xəzər-Lənkəran”la Valeri Abramidze arasındakı qalmaqalı araşdırmağa başlayıb

FİFA “Xəzər-Lənkəran”la Valeri Abramidze arasındakı qalmaqalı araşdırmağa başlayıb
# 04 sentyabr 2007 14:25 (UTC +04:00)
Karyerasını Rusiyanın “Anji” klubunda davam etdirmək istəyən “Xəzər-Lənkəran”ın müdafiəçisi Valeri Abramidzenin məsələsinə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qarışıb. Hazırda Rusiyada olan 27 yaşlı gürcüstanlı futbolçu “APA-Sport” agentliyinə açıqlamasında FİFA-ya şikayət etdiyini bildirib: “Məsələ FİFA səviyyəsində həll ediləcək. Fikrimcə, bir həftəyə hər şeyə aydınlıq gələcək. Çıxarılacaq qərar xeyrimə olacaq. Düzdür, “transfer pəncərəsi” artıq bağlanıb. Eyni zamanda, “Anji”nin borcları olduğu üçün futbolçuları sifariş etməklə bağlı problemi yaranıb. Belə olan halda, ilin sonunadək oynamayacağım gözlənilir. Ancaq mən buna razıyam. Əsas odur ki, “Xəzər-Lənkəran”dan sərbəst ayrılaraq, “Anji”yə keçidim həll olunsun”. FİFA artıq V.Abramidzenin məsələsi ilə bağlı AFFA-ya rəsmi müraciət edib. “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov “APA-Sport” agentliyinə açıqlamasında qanunun onların tərəfində olduğunu söyləyib: “AFFA bizə müraciət edərək, Abramidzenin məsələsi ilə maraqlanıb. Bu məsələdə haqlı tərəf “Xəzər-Lənkəran”dır. Onunla 2008-ci il iyunun 30-dək müqaviləmiz var. Razılaşmanın bir nüsxəsi AFFA-da var. “Anji” Abramidzenin transfer məsələsi ilə bağlı klubumuza müraciət etmişdi. Biz də lazımi sənədləri göndərdik. “Anji” rəsmiləri Abramidzenin azad agent olduğunu zənn edirdilər. Ancaq Valerinin müqavilə ilə “Xəzər-Lənkəran”a məxsus olduğunu “Anji” rəhbərliyinin diqqətinə çatdırdıq. Belə olan halda, futbolçunun keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunmalıdır. Qanun bizim tərəfimizdə olduğundan, heç nədən çəkinmirik. “Xəzər-Lənkəran”la bağlı FİFA-ya şikayət edənlər layiqli cavabını alacaqlar”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın heyətində 2005/06 mövsümündə çıxış edən V.Abramidze üç aydır transferə çıxarılıb. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR