“Neftçi” bəyanat yayıb

“Neftçi” bəyanat yayıb
# 04 sentyabr 2007 16:17 (UTC +04:00)
“Neftçi” klubu vitse-prezident Ramin Musayevin AFFA-nın Nizam İntizam Komitəsi (NİK) tərəfindən cəzalandırılması ilə bağlı bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bəyanatda R.Musayevin hakimləri təhqir etməsi və buna görə cəzalanmasının düzgün olmadığı qeyd olunub: “Ölkə çempionatının “İnter” “Neftçi” qarşılaşmasında baş hakim Azad Mütəllimov komandamıza qarşı açıq-aşkar qərəzli qərarlar qəbul etdi. Dəfələrlə futbolçularımıza qarşı kobudluğa göz yuman A.Mütəllimov bir neçə epizodda qeyri-obyektivlik nümayiş etdirdi. Onun biabırçı qərarları hakim-inspektorun hesabatında da əksini tapıb. IV turun görüşlərini idarə edən hakimlər arasında ən aşağı qiymət alan məhz Azad Mütəllimov olub. Onun idarəçiliyi hamının, o cümlədən klubumuzun vitse-prezidenti Ramin Musayevin etirazına səbəb olub. R.Musayev narazılığını bildirsə də, həm hakimlər, oyunun komissarı R.Musayevin hakimləri guya təhqir etdiyini bildiriblər. Nəticədə AFFA-nın Nizam-İntizam Komitəsi vitse-prezidenti 4 oyunluq texniki zonadan uzaqlaşdırmaqla yanaşı, 4 min manat cərimələnməsi haqda qərar çıxarıb. Amma A.Mütəllimova verilən qiymət göstərir ki, R.Musayevin onun haqda fikirləri yerində deyilmiş iradlardır”. “Neftçi” NİK-nin R.Musayevlə bağlı çıxardığı qərarı tələsik atılmış addım sayıb: “Təəssüf ki, artıq neçənci dəfədir hakimlər “Neftçi”nin oyunlarında qərəzli idarəçilik edir, qeyri-obyektiv qərarlar verməklə, azarkeşləri, futbolçuları və rəhbərliyi hövsələdən çıxarırlar. Buna reaksiya verdikdə isə sərt cəza tədbirləri həyata keçirilir. Bildirmək istərdik ki, Nizam-İntizam Komitəsi belə qərarlar verdikdə onu yaradan səbəbləri də dərindən araşdırsın və belə halların təkrarlanmamağına çalışsın”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR