Zeynal Məmmədov: “Böyükağa Hacıyev artıq “Bakı”da işləməyin mənasız olduğunu anlayırdı”

Zeynal Məmmədov: “Böyükağa Hacıyev artıq “Bakı”da işləməyin mənasız olduğunu anlayırdı”
# 05 sentyabr 2007 14:52 (UTC +04:00)
“Baş məşqçi dəyişikliyi Böyükağa Hacıyevlə əvvəlcədən razılaşdırılmışdı. Hacıyev bilirdi ki, artıq işləməyin mənası yoxdur. Onun məşqçi kimi səviyyəsinə şübhəmiz yoxdur. Ancaq baş məşqçi postunda dəyişiklik zəruri idi. Hacıyev də bunu hiss edərək, öz istəyilə istefa ərizəsi yazıb rəhbərliyə müraciət etdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Z.Məmmədovun sözlərinə görə, hazırkı vəziyyətdə Böyükağa Hacıyevin gedişi zəruri idi: “Tarix göstərdi ki, biz 18 ay öncə baş məşqçi postunda dəyişiklik etməklə, düzgün addım atmışdıq. Əsgər Abdullayevin gedişindən sonra Hacıyev çoxlarının gözləmədiyi halda, 8 oyunda ardıcıl qələbə qazanaraq, komandanı çempion etdi. Komanda uğursuz çıxış edirsə, “transfer pəncərəsi” bağlanıbsa, heyətdə dəyişiklik etmək mümkün deyilsə, bu zaman rəhbərliyin yox, baş məşqçini dəyişmək lazım idi. Rəhbərliyin gedişi bir şey verməyəcəkdi. Ancaq baş məşqçi dəyişikliyi effekt verəcək. Hacıyevin bundan sonra da “Bakı”da qalmasını istəyirik. Ona komandada əvvəl tutduğu postu prezidentin müşaviri olmasını təklif etmişik və cavab gözləyirik”. Z.Məmmədov komandaya baş məşqçi təyin edilən Qyoko Hacievski ilə danışıqlara maydan başlandığını bildirib: “Həmin vaxt bolqarıstanlı menecerlə futbolçuların transferi ilə bağlı danışıq aparanda, Hacievskini bizə təklif etmişdi. Bizə həmin vaxt yeni futbolçular lazım olduğundan, bu variantı arxa plana keçirdik. Ancaq həmin bolqarıstanlı menecerə gələcəkdə lazım olarsa, bu mütəxəssislə əməkdaşlığı müzakirə etməyə hazır olduğumuzu bildirmişdik. Bizə yeni baş məşqçi lazım idi, Hacievski də işsiz olduğundan, bu variantı müzakirə etdik”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR