Şakir Qəribov: “Heç kimdən üzr istəmək fikrim yoxdur”

Şakir Qəribov: “Heç kimdən üzr istəmək fikrim yoxdur”
# 13 sentyabr 2007 14:29 (UTC +04:00)
“Xorvatiya ilə səfər oyunu Azərbaycan yığmasının hücum edə bildiyini, qol vura bildiyini göstərdi. Üç görüşdə üç qol vurmuşuq, özü də hamısını səfərdə. Artıq rəqib meydanında qol vurmaq bizim üçün problem deyil”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın olimpiya yığma komandasının baş məşqçisi Şakir Qəribov deyib. Ş.Qəribovun sözlərinə görə, millinin 2:3 hesabı ilə uduzduğu Xorvatiya ilə səfər matçında xal qazanması real idi: “Əslində, Yunanıstanla Bakıda keçirilən oyuna da yaxşı hazırlaşmışdıq. Ancaq futbolçularda qələbə istəyinin böyük olması, onları “yandırdı”. Futbolda, idmanda belə şeylər olur. Xorvatiya ilə görüşdə yaxşı oynayıb iki qol vursaq da, çox top buraxmağımız təəssüf doğurur. Qolları öz səhvlərimiz ucbatından buraxmaq isə üzücü haldır. Hər halda, komanda qol buraxsa da, ruhdan düşmədi. İki dəfə hesab arasındakı fərqi minimuma endirdi. Buraxılan üçüncü qoldan sonra Asif Məmmədovun qol vurmaq imkanı olsa da, yaxın məsafədən topu qapıya göndərə bilmədi. Meydan sahibləri 2:1 hesabı ilə irəlidə olarkən Vüqar Nadirovun zərbəsi qapı dirəyinə dəydi. Amma bundan sonra xorvatiyalılar daha bir qol vurdular. 69-cu dəqiqədə Namiq Yusifov meydandan qovulduqdan sonra işimiz çətinləşdi”. Üç oyundan sonra Azərbaycan yığmasının hesabında xal yoxdur. Bununla belə, baş məşqçi gələcəyə nikbin baxır. Ş.Qəribov qarşıdakı oyunlarda oktyabrın 13-də Farer adaları ilə səfərdə, bundan dörd gün sonra Albaniya ilə Bakıda keçirilən matçda xal qazanacaqlarına inandığını bildirib: “Farer adaları və Albaniya ilə oyunlara yaxşı hazırlaşıb, xal qazanmağa çalışacağıq. İndiyədək Bakıda cəmi bir oyun keçirmişik. Qarşıdakı çoxlu görüşlərimiz var. Yığma komandada vaxt azlığı öz sözünü deyir. Futbolçunu qısa zamanda yaxşı hazırlaşdırmaq çətindir. Bu iş ilk növbədə klublarda getməlidir, futbolçularla fərdi hazırlıq keçilməlidir. Biz hazırlıq üçün ayrılan qısa vaxtdan maksimum yararlanmağa çalışırıq. Həm də seçim imkanımız məhduddur. Uğurlu çıxış üçün bizə vaxt lazımdır”. Baş məşqçi sentyabrın 8-də Yunanıstanla oyundan sonra futbolçuların ünvanına “zibildən konfet düzəldə bilmərəm” sözlərini işlətmədiyini vurğulayıb: “37 ildir Bakıda yaşayıram. Ağlım, savadım, səviyyəm var. Nə dediyimi yaxşı bilirəm və işlətmədiyim ifadəyə görə, heç kimdən üzr istəmək fikrim yoxdur”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR