Valentin Xodukin: “Mən Leonid Kuçuk adlı məşqçi tanımıram”

Valentin Xodukin: “Mən Leonid Kuçuk adlı məşqçi tanımıram”
# 14 sentyabr 2007 09:37 (UTC +04:00)
“Son vaxtlar internetdə “İnter” klubunun yeni baş məşqçisinin Leonid Kuçukun olacağı barədə dezinformasiyalar yayılıb. Başa düşmürəm, belə əsassız məlumatlar haradan çıxarılır. Hazırda işimi davam etdirirəm və klub rəhbərliyindən heç kim mənə baş məşqçi postunda dəyişikliyin ediləcəyini deməyib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Yaxın günlərdə Leonid Kuçukla əvəzlənəcəyi barədə xəbərləri təkzib edən V.Xodukinin sözlərinə görə, bəzi jurnalistlər özlərindən xəbər uydurmaqla məşğuldur: “Ümumiyyətlə, mən Leonid Kuçuk adlı məşqçi tanımıram. Əvəzimə tanınan, məsələn Vlastimil Petrjela kimi mütəxəssisin təyin ediləcəyi deyilsəydi, dərd yarı idi”. Belə informasiyaların onun işinə mənfi təsir göstərmədiyini vurğulayan ukraynalı mütəxəssis ruhdan düşmədiyini və komandanı qarşıdakı turda “Olimpik”lə oyuna hazırlaşdırdığını bildirib: “Mən həyatda, məşqçilikdə gördüyümü görmüşəm. Məşqçilikdə ilk addımlarını atmıram ki, istefaya göndərilməkdən qorxum. Mənimlə yanaşı, Petrjela və Azərbaycanda bir çox təcrübəli mütəxəssislər vaxtilə müxtəlif komandalarda çalışarkən işini itirmişik. Burada pis nə var ki? Amma faktları yox, belə dezinformasiyaları yazmaq kimə sərf edir, bax bu mənə qaranlıq qalır”.
Qeyd edək ki, V.Xodukin təxminən 18 aydır “İnter” klubunda baş məşqçi postunu tutur. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR