Vaqif Sadıqov: “Feyzulla Feyzullayev döyülmə faktını inkar etdi”

Vaqif Sadıqov: “Feyzulla Feyzullayev döyülmə faktını inkar etdi”
# 25 sentyabr 2007 10:47 (UTC +04:00)
“Bizim futbolçular hakimi döyməyiblər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov deyib. Bu gün AFFA-nın mənzil-qərargahına çağırıldığını vurğulayan V.Sadıqovun sözlərinə görə, məsələyə Nizam-İntizam Komitəsinin (NİK) iclasında baxılıb: “İclasa hakimi döyməkdə adları hallandırılan Zaur Hidayətov və Ruslan Musayevlə birgə getmişdim. Toplantıda komitə üzvləri ilə yanaşı, “Xəzər-Lənkəran”la son turdakı oyunumuzu idarə edən Feyzulla Feyzullayev və Siyavuş İbrahimov da iştirak edirdi. Hakim döyülmə faktını inkar edərək, Zaurun yalnız təhqiramiz ifadələr işlətdiyini bildirdi. Bu səbəbdən Nizam-İntizam Komitəsi Hidayətovu cəzalandırdı. Feyzullayev Musayevin məsələyə heç bir aidiyyatının olmadığını da qeyd etdi”. Z.Hidayətovun məsələsinə klubdaxili iclasda da baxılacağını söyləyən V.Sadıqov onun hərəkətlərinə haqq qazandırmayıb: “Feyzullayevin səhvləri çox oldu. Bizimlə yanaşı, “Xəzər-Lənkəran” rəsmiləri də onun səhv qərarlarına məruz qaldı. Əsas odur ki, hakim qərarları qərəzli olmasın. Feyzullanın “Gənclərbirliyi”nə qarşı qərəzli münasibət göstərdiyini deyə bilmərəm. O, bizə qarşı səhv qərarlar qəbul etsə də, bu, futbolçumuzun hərəkətinə haqq qazandırmır. Kapitan komandanı pis vəziyyətdə qoydu. Hazırkı maliyyə durumunu nəzərə alsaq, Zaura kəsilən 2000 manat cərimə bizim üçün böyük məbləğdir. İstənilən halda, cəriməni klub ödəyəcək. Ancaq futbolçunu da cəzasız qoymaq fikrində deyilik. Klubdaxili iclas keçirib, futbolçu haqda ölçü götürəcəyik”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR