Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub. Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv Lerik rayon mədəniyyət evinin səhnəsində Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranmasından bəhs edir.
Böyük maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqalar oynayıblar.