Azərbaycan ilk dəfə cüdo üzrə dünya çempionatında birinci olub

Azərbaycan ilk dəfə cüdo üzrə dünya çempionatında birinci olub
# 26 avqust 2023 22:35 (UTC +04:00)

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.

Apasport.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub.

Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

Çempionatın ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Oğlanlar arasında 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş medal qazanıb. 55 kq-da Mirxaliq İskəndərov çempionatın bürünc medalına sahib olub.

Yarışın ikinci günü qızlar arasında 52 kq çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

Oğlanlar arasında 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş medallar yazdırıblar.

Yarışın üçüncü günündə 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Süleyman Şükürov yarışın bürünc medalına sahib olub.

Fərdi yarışların sonuncu günündə isə Ramazan Əhmədov (+90 kq) çempionatın bürünc medalını qazanıb.

Bununla da, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarının hər günü medal əldə ediblər.

Qeyd edək ki, dünya çempionatı ilə yanaşı, yeniyetmə cüdoçularımız cari ildə keçirilən Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında medal əyarına görə ümumi hesabda ilk sırada qərarlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR