Şahid məhkəmədə özündən gedib

Şahid məhkəmədə özündən gedib
# 26 oktyabr 2016 11:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid Ramin Ağayev ifadə verib. O, kserokopiya ofisində işlədiyini, L. Əkbərovanın istəyi ilə arayışlar hazırladığının deyib: “Qızı Fidan da tez-tez mənə müraciət edərək nələrsə çap etdirirdi”.

Hakim R. Ağayevdən Fidanı taksi ilə harasa aparıb-aparmadığını soruşub. O, xatırlamadığını söyləyib. İstintaqa ifadəsi zamanı isə R. Ağayevin dəfələrdə Fidanı taksi ilə apardığını dediyi diqqətə çatdırılıb. Hakim R. Ağayevin yalan ifadə verməsi barədə prokurora məlumat verilməsi haqda qərar qəbul edib.

Şahid İlhamə Əhmədova da iclasda ifadə verib: “Leylanın mənə 12 min manat borcu var. Pulumu tələb etməyə qorxurdum. Mahir Əkbərov söyüşlərlə danışaraq mənim qabağıma şərtlər qoyurdu. Mahir mənə dedi ki, Leylanı tutdurmuşam, oğlunun da cibinə narkotik atıb tutduraram, lap sənin özünü də tutduraram”.

Bundan sonra şahid İ. Əhmədova bayıra çıxmaq istədiyini deyib və huşunu itirib.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L. Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır. Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR