Braziliya Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq istəyir

Braziliya Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq istəyir
# 08 sentyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Braziliya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq prosesi çərçivəsində rəsmi Bakı ilə danışıqlar aparmaq istədiyini bildirib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
M.Məmmədquliyevin sözlərinə görə, Braziliyanın konkret olaraq hansı sahədə danışıqlar aparmaq istədiyi hələ məlum deyil: «Ola bilsin danışıqlar tropik məhsulların Azərbaycana ixracı və xidmətlər sahəsində aparılacaq. Belə ki, biz bu məsələyə dair artıq Ekvadorla danışıqlar aparırıq».
Bundan başqa M.Məmmədquliyev bildirib ki, ÜTT ölkələrindən yeni təkliflər və suallar daxil olub: «Hazırda bunlara cavablar hazırlanır. Həmçinin, mal və xidmətlər üzrə də təkliflər hazırlanır, digər məsələlər üzrə işlər aparılır. İşləri başa çatdırdıqdan sonra ÜTT Katibliyinə təqdim olunacaq. Bundan sonra işçi qrupunun iclası keçiriləcək və ikitərəfli danışıqlar aparılacaq».
Qeyd edək ki, Azərbaycan 1997-ci ildə ÜTT-də müşahidəçi statusu alıb. Hazırda 151 ölkə ÜTT-nin üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR