«Azərbaycan Sənaye Bankı» ilin sonunadək ipoteka portfelini 70% genişləndirəcək

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək ipoteka portfelini 70% genişləndirəcək
# 15 sentyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» SKB 2008-ci ilin sonuna kimi ipoteka kreditləri portfelini 66,7% artıraraq 10 mln. manata çatdıracaq.
Bankın İdarə Heyətinin sədri Hasan İncekaranın «APA-Economics»ə verdiyi məlumata görə, artıq indiyədək bank tərəfindən dövlət ipoteka proqramı çərçivəsində 800 min manat həcmində kredit vəsaitləri ayrılıb. Bankın öz vəsaitləri hesabına verdiyi ipoteka kreditlərinin həcmi isə 6 mln. manat təşkil edir və bu ilin sonuna bu rəqəm 10 mln. manat çatacaq.
İdarə Heyətinin sədri həmçinin bankın plastik kartlarının sayının da artacağını bildirib. Belə ki, ilin sonuna aktiv plastik kartlarının sayını 53,8% artıraraq 10 minə çatdırılması planlaşdırılır. Bunların 50%-i kredit, qalanı isə debet kartları olacaq.
Xatırladaq ki, 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayan «Azərbaycan Sənaye Bankı» 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,121 mln. manat, kredit portfeli 47,819 mln. manat, depozit portfeli 47,853 mln. manat, məcmu kapitalı 19,265 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR