«MBASK» ilin sonunadək aktivlərini 20% artıracaq

«MBASK» ilin sonunadək aktivlərini 20% artıracaq
# 16 sentyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti 2008-ci ilin sonuna kimi aktivlərinin həcmini 20% artırmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə açıqlamasında «MBASK» şirkətinin satış üzrə baş direktoru, İdarə Heyətinin üzvü Kamran Bağırov məlumat verib.
K.Bağırovun sözlərinə görə, cari ilin sonunadək şirkətin aktivləri təxminən 20-30%, bir ildən sonra isə təqribən 30-40% artacaq: «Hazırda «MBASK»ın aktivlərinin həcmi 24-25 mln. manat təşkil edir».
Şirkətin nizamnamə kapitalına gəldikdə isə K.Bağırov qeyd edib ki, bu ilin sonunadək nizamnamə kapitalının artırılması planlaşdırılmır. Belə ki, şirkət nizamnamə kapitalının artırılmasını qanunvericiliyə uyğun olaraq aparır: «Lakin buna baxmayaraq, biz kapitalın artırılması imkanlarını da müzakirə edirik».
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Hesabat dövrü ərzində şirkətin sığorta ödənişlərinin həcmi 2,3 dəfə artaraq 3,778 mln. manata çatıb. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR