Azərbaycan parlamenti payızda «Qeyri-bank kredit təşkilatları haqqında» qanun layihəsinin müzakirəsinə başlaya bilər

Azərbaycan parlamenti payızda «Qeyri-bank kredit təşkilatları haqqında» qanun layihəsinin müzakirəsinə başlaya bilər
# 16 sentyabr 2008 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) hazırladığı «Qeyri-bank kredit təşkilatları haqqında» qanun layihəsini yaxın vaxtlarda ölkə hökumətinin müzakirəsinə təqdim etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, yeni qanun layihəsi 5 fəsildən ibarətdir. Birinci fəsildə qeyri-bank kredit təşkilatları haqqında ümumi anlayışlar, ikincidə - bank olmayan kredit təşkilatlarının yaradılması, fəaliyyətinin hüquqi tənzimlənməsi, təşkilatın nizamnamə kapitalı haqqında məlumat verilir. Layihəyə girov əmanəti də əlavə edilib və qeyri-bank kredit təşkilatlarının inzibatçılarına xüsusi fikir verilir. Belə ki, inzibatçılar ali təhsilli olmaqla yanaşı bu sahədə ən azı bir illik təcrübəyə malik olmalıdır.
Sənədin üçüncü fəslində bank olmayan kredit təşkilatları üçün lisenziyanın alınması, nəzarətedici orqanda müraciətlərə baxılması və ya imtina edilməsi halları nəzərdə tutulur.
R.Aslanlının sözlərinə görə, qanun layihəsinin dördüncü fəslində prudensial tənzimləmə qeyd olunub. Burada tənzimləmə iki sistem üzrə - girov əmanəti cəlb edən və cəlb etməyən qeyri-bank kredit təşkilatlarının tənzimlənməsi nəzərdə tutulur.
Sonuncu fəsildə isə bank olmayan kredit təşkilatının dövlət nəzarəti, xüsusi ilə xarici nəzarət modeli, eyni zamanda tənzimləyici orqan tərəfindən yerlərdə yoxlamaların aparılması və korporativ idarəetmə prinsiplərinin əsasları göstərilir.
R.Aslanlı bildirib ki, yeni qanun layihəsi hökumət səviyyəsində baxıldıqdan sonra artıq bu ilin payızında parlamentdə ilk oxunuşda müzakirəyə çıxarıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR