ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Kənd Təsərrüfatı Departamenti bitkilərin sağlamlığı sahəsində Azərbaycan üçün təlim keçirir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Kənd Təsərrüfatı Departamenti bitkilərin sağlamlığı sahəsində Azərbaycan üçün təlim keçirir
# 23 sentyabr 2008 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı (TIRSP) və ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) ölkə hökuməti ilə birlikdə «Bitkilərin sağlamlığı üzrə sərhəd təftişi təlimi» mövzusunda təlimə başlayıb.
«APA-Economics»in məlumatına görə, 4 gün davam edəcək təlim-seminarda bitki və heyvanlar üzrə beynəlxalq ticarəti tənzimləyən siyasət, tənzimləyici baza, idxalın, qutuların, sərnişinlərin, baqajın və poçtun yoxlanılması və monitorinqi üzrə prosedurlar, daxil olma məntəqəsində yüklərin idarə olunması ilə bağlı məsələlərə toxunulacaq. Bu təlim Azərbaycana yeni ziyanvericilər və xəstəliklərin daxil olmasının qarşısını almaqla yanaşı ölkənin ixrac mallarının karantin ziyanvericilərindən azad olmasını təmin etməkdə yardım edəcək.
Tədbirdə Kənd Təsərrüfatı, İqtisadi İnkişaf, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edir.
USDA-nın Türkiyə nümayəndəliyinin rəhbəri Ralf Gifford bildirib ki, bu seminar Azərbaycan tərəfinə Ümumdünya Ticarət Təşkilatının bitki sağlamlığı üzrə sərhəd təftişi beynəlxalq standartlarına əməl etməsində yardımçı olacaq: «Seminarın keçirilməsində əsas məqsəd bu gün qlobal səviyyədə yanaşılan ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycana yardım etməkdir. Bizim bu proqramın davamı olacaq və çalışacağıq ki, bu sahədə öz bilik və bacarıqlarımızı azərbaycanlı mütəxəssislərlə bölüşək».
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev isə qeyd edib ki, ÜTT-yə üzvlük prosesi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biri də bitki mühafizəsi və sağlamlığının qorunması ilə bağlıdır.
M.Dünyamalıyev bildirib ki, bu cür köməklik Azərbaycanın ÜTT-yə üzvlüyü prosesinə yardım məqsədi daşıyır. Xidmət rəisi onu da vurğulayıb ki, sərhəd bölgələrində fitosanitar nəzarəti gücləndirmək üçün Azərbaycanın ABŞ kimi inkişaf etmiş dövlətlərin köməyinə ehtiyacı var. Artıq bu məqsədlə informasiya mübadiləsi sistemi yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR