«A-Group» sığorta şirkəti fevralda hüquqi statusunu dəyişəcək

«A-Group» sığorta şirkəti fevralda hüquqi statusunu dəyişəcək
# 27 sentyabr 2008 08:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti 2009-cu ilin fevral ayında hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə (ASC) çevriləcək.
Şirkətin İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müavini Rəşid Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq şirkətin ASC-yə çevrilməsi məqsədi ilə hazırlıq proseduraları çərçivəsində müvafiq sənədlər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinə təqdim edilib: «Növbəti ilin yanvar ayının 15-dək bununla bağlı təsis sənədlərini Vergilər Nazirliyinə təqdim edəcək. Dövlət qeydiyyatından keçdikdən sonra isə sənədlər Maliyyə Nazirliyinə ötürüləcək. Qeyd edim ki, bu prosesi ləngidən əsas məsələlər şirkətin səhmlərinin emissiyası, onların dövlət qeydiyyatından keçirilməsi və digər proseduralarla bağlıdır».
Qeyd edək ki, 2008-ci ilin mart ayının 15-də Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» yeni qanun qüvvəyə minib. Qanunun 7-ci maddəsinin 7.6-cı bəndinə əsasən, sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız ASC təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər. Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir ki, bunların 10-u MMC, 10-u ASC və 8-i QSC statusuna malikdir.
Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin sığorta daxilolmalarının həcmi 3,3 mln. manat, ödənişləri isə 2,132 mln. manat təşkil edib. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manatdır. Şirkət 13 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR