Azərbaycanda kredit ittifaqları mənfəət vergisindən azad edilə bilər

Azərbaycanda kredit ittifaqları mənfəət vergisindən azad edilə bilər
# 06 noyabr 2008 06:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlayıb.
AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, təkliflərdə üç əsas məsələ əksini tapıb. Bunlar, kredit ittifaqlarının mənfəət vergisindən azad edilməsi, dövlət qeydiyyatından keçərkən məhdud məsuliyyətli cəmiyyət formasında deyil, korporativ qurum kimi qeydə alınması, həmçinin depozit qəbuluna icazənin verilməsini nəzərdə tutan təkliflərdir.
E.Bağırovun sözlərinə görə, təkliflər paketi yaxın vaxtlarda Azərbaycan Milli Bankına (AMB) təqdim olunacaq və hazırda bununla bağlı AMB ilə AKİA arasında müzakirələr aparılır.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 78 kredit ittifaqından 53-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Kredit ittifaqları tərəfindən quruma ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir.
Qeyd edək ki, dünyada 46 min kredit ittifaqı fəaliyyət göstərir və bunların üzvlərinin sayı 172 mln. nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR