Yuri Şedrin «Rusiya-Azərbaycan ticarət dövriyyəsi bu il 2 mlrd. dollara çatacaq»

Yuri Şedrin «Rusiya-Azərbaycan ticarət dövriyyəsi bu il 2 mlrd. dollara çatacaq»
# 14 noyabr 2008 11:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 2008-ci ilin sonuna kimi 2 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Ticarət nümayəndəsinin sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi 1 698,7 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6% çoxdur: «Azərbaycan Rusiyanın MDB-dəki ticarət tərəfdaşları sırasında 5-ci yerdədir».
Y.Şedrinin sözlərinə görə, Rusiyanın Azərbaycanla ticarət dövriyyəsində əsas yeri tutan maşın və nəqliyyat vasitələrinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artıb. Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyadan Azərbaycana 11 979 minik, 3 907 yük, 88 xüsusi təyinatlı avtomobil, 111 avtobus, 126 traktor, 41 avtokran, 2 vertolyot, 20 metro vaqonu gətirilib. Yanvar-oktyabr ayları ərzində Bakı-Novorossiysk boru kəməri ilə 1,031 mln. ton neft nəql olunub.
Y.Şedrin əlavə edib ki, Azərbaycan məhsullarının Rusiyaya tədarükü 40% artaraq 267,1 mln. dollara çatıb. İdxalın strukturunda daha çox ərzaq məhsulları yer tutur. Azərbaycanın ərzaq məhsulları Rusiyaya bu ölkədən idxal olunan bütün məhsulların 67,9%-ni təşkil edir. Rusiyanın Azərbaycanın qeyri-xammal bazarının ən böyük alıcılarından biri olduğunu deyən Y.Şedrin bu ölkədən idxal olunan əsas məhsulların yağ, bitki yağı, qənd, fındıq, qara çay, meyvə və tərəvəz şirəsi, təzə meyvə və tərəvəz, konyak və s. olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR