İtaliya iqtisadi tənəzzülün qarşısının alınması üçün tədbirlər planı hazırlayıb

İtaliya iqtisadi tənəzzülün qarşısının alınması üçün tədbirlər planı hazırlayıb
# 29 noyabr 2008 08:06 (UTC +04:00)
Bakı – APA. İtaliya hökuməti ölkə iqtisadiyyatının tənəzzülü şəraitində yerli şirkət və ev təsərrüfatlarına maliyyə yardımının göstərilməsi məqsədi ilə müvafiq tədbirlər planını əks etdirən xüsusi sənədi razılaşdırıb. APA-nın «France Press» Agentliyinə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın maliyyə və iqtisadiyyat naziri Culio Tremonti (Giulio Tremonti) bildirib.
İlkin məlumatlara görə, dövlətin göstərəcəyi yardımın ümumi həcmi təxminən 4 mlrd. avro (5,1 mlrd. dollar) təşkil edə bilər. Hökumətin hazırladığı plana əsasən, 2009-cu ildə müəssisə və təşkilatlara, həmçinin azgəlirli ailələrə vergi güzəştləri təqdim olunacaq.
Qeyd edək ki, bu ilin noyabr ayının 14-də İtaliya Statistika Bürosu (ISTAT) ölkədə ÜDM-nin həcminin III rübdə 0,5% azaldığını bildirib. Əvvəlki rübdə də bu göstərici azalıb. Məhz ardıcıl iki rüb ərzində ÜDM-nin azalması səbəbindən İtaliya hökuməti konkret antiböhran addımları atmaq qərarına gəlib.
Məlumat üçün bildirək ki, dünya maliyyə böhranı nəticəsində cari ilin III rübündə bir çox ölkənin iqtisadi inkişaf tempi minimuma enib, Almaniya, Yaponiya, İspaniya, Böyük Britaniya, İsveç, Sinqapur, Estoniya və İtaliyada dərin iqtisadi tənəzzül başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR