Azərbaycanda əmanətlərin bank öhdəliklərində xüsusi çəkisi 23%-ə düşüb

Azərbaycanda əmanətlərin bank öhdəliklərində xüsusi çəkisi 23%-ə düşüb
# 08 aprel 2009 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemi üzrə əhalinin əmanətləri 2009-cu ilin martın 1-nə mövcud olan öhdəliklərin 22,9%-ni təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kommersiya banklarının məcmu öhdəlikləri 7,9 mlrd. manata bərabərdir və bunun 1,813 mlrd. manatı əmanətlərin payına düşür.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə əmanətlərin öhdəliklərdə xüsusi çəkisi 25%, 2007-ci ilin martın 1-nə 25%, cari ilin əvvəlinə isə 21,7% təşkil edib. Beləliklə, son vaxtlar Azərbaycan bank sistemi üzrə bu göstərici təxminən 22-25% civarında dəyişib.
Bank praktikasına əsasən, bank öhdəliklərində əmanətlərin yüksək xüsusi çəkiyə malik olması (30%-dən artıq) bankın likvidliyinə olan təzyiqi göstərir. Çünki bu, bankın fiziki şəxslər qarşısında olan öhdəliklərin qısa zaman ərzində yerinə yetirilməməsi riskini artırır. Yəni müddətli, o cümlədən uzunmüddətli maliyyə resursları olduğu halda, əmanətlərin iri həcmdə olması bir tərəfdən bank üçün çox müsbət haldır, çünki bu, bankın maliyyə bazasını və aktiv əməliyyatları üçün imkanları genişləndirir. Digər tərəfdən isə bank sistemində hər hansı neqativ hal baş verdikdə, böhran və ya likvidlik problemləri yarananda, tam və dolğun məlumata malik olmaması, iqtisadi biliklərə malik olmaması və çaxnaşmaya meylli olması üçün fiziki şəxslər bankların cari likvidliyini kəskin aşağı sala bilər. Bu səbəbdən, 30%-lik səviyyə normal və sağlam hesab olunur (istisaslaşmış əmanət bankları istisna olmaqla). Göründüyü kimi, Azərbaycanda əmanətlərin öhdəliklərdə xüsusi çəkisi bu göstəricidən aşağı səviyyədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR