«Fitch Ratings» Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit»in əsas təsisçisinin reytinqlərini daimi müşahidə siyahısına daxil edib

«Fitch Ratings» Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit»in əsas təsisçisinin reytinqlərini daimi müşahidə siyahısına daxil edib
# 09 aprel 2009 08:32 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» qeyri-bank kredit təşkilatının təsisçisi olan Gürcüstanın «TBC Bank»ının uzunmüddətli reytinqlərini «neqativ» proqnozlarla daimi müşahidə siyahısına daxil edib. Bu barədə «APA-Economics»ə reytinq agentliyindən məlumat verilib.

Belə ki, aprel ayının 8-dən Gürcüstanın 4 bankını «neqativ» ehtimallarla «Rating Watch» siyahısına aid edən «Fitch»in ekspertləri hesab edirlər ki, hazırda reytinqi «B» səviyyəsində olan «TBC Bank»ına qarşı gələcəkdə atılacaq reytinq addımları mənfi xarakter daşıya bilər. Bu da ilk növbədə «B+» səviyyəsində olan Gürcüstanın suveren reytinqlərinin ölkələr üzrə «Rating Watch»a daxil olması ilə əlaqələndirilir. Analitiklərin fikrincə, Gürcüstanın suveren reytinqlərinin yaxın gələcəkdə azaldılması «TBC Bank»ına dövlət tərəfindən yardımın göstərilməməsi risklərini birmənalı artırır. Bu bankda kapitallaşma və likvidlik lazımi səviyyədə olsa da, aktivlərin keyfiyyəti kifayət qədər yaxşı deyil, xarici valyutalarla kreditlərin artımı isə narahatlıq doğurur. Eyni zamanda, «Fitch Ratings» istisna etmir ki, Gürcüstanın suveren reytinqləri azaldılacağı təqdirdə, «TBC Bank»ın reytinq qiymətləndirilməsi əvvəlki səviyyədə qala bilər. Bu zaman reytinq agentliyi tərəfindən qəbul ediləcək qərar yalnız bankın o dövrə olan göstəricilərinin təhlilindən asılı olacaq.

Qeyd edək ki, «TBC Bank»la yanaşı «ProKreditBank», «VTB-Georgia» və «Bank of Georgia» banklarının da reytinqləri «neqativ» ehtimallarla «Rating Watch» siyahısına daxil edilib.

Xatırladaq ki, «TBC Bank» Azərbaycanda əvvəl «SOA Kredit» brendi altında fəaliyyət göstərən «TBC Kredit» qeyri-bank kredit təşkilatının əsas təsisçisidir. Belə ki, 2007-ci ilin dekabr ayında ABŞ-ın «Shore Bank International» bankının «SOA Kredit»in kapitalında 75%-ik payını alan Gürcüstan bankı, Azərbaycanda öz törəmə bankını yaratmağı planlaşdırır. «TBC Kredit» təşkilatı «TBC Bank» tərəfindən əlavə investisiya qoyuluşu hesabına məcmu kapitalını 7,5 mln. ABŞ dolları həddinə çatdırıb və 2008-ci ildən kredit məhsulları spektrini genişləndirib. «TBC Kredit»in ötən il kredit portfelini 76% artıraraq 18,5 mln. dollara çatdırıb. Cari ildən isə təşkilat girovsuz kreditlərin verilməsini dayandırıb və borcalmalar üzrə faiz dərəcələrini artırmaq qərarına qəlib. «TBC Kredit»in 2009-cu il üçün prioriteti Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn biznes-layihələrin kreditləşdirilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR