«ABB-Moskva» bankı bu il kapitalını ikiqat artırmaq niyyətindədir

«ABB-Moskva» bankı bu il kapitalını ikiqat artırmaq niyyətindədir
# 10 aprel 2009 11:42 (UTC +04:00)
Moskva. Roman Ağayev, Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu olan «ABB-Moskva» bankı bu il qarşıya qoyduğu strateji məqsədlərdən biri kapitalın ikiqat artırılmasıdır. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fuad Abdullayev məlumat verib.
F.Abdullayevin sözlərinə görə, hazırda 1,012 mlrd. rubl (təxminən 34,5 mln. dollar) təşkil edən kapitalın ən azı 2 mlrd. rubla qədər artırılması məsələsi artıq ana bankın rəhbərliyinə təklif olunub. «ABB-Moskva»nın başçısı hesab edir ki, kapitalın artırılması bankın xarici maliyyə təsisatları qarşısındakı mövqelərinin möhkəmləndirilməsi və daha çox nüfuz qazanmasına kömək edəcək. Onun fikrincə, qlobal maliyyə-iqtisadi böhran şəraitində Rusiyanın bank xidmətləri bazarında etimad meyarı vəsaitlərin cəlb olunması sahəsində çox vacib amilə çevrilir.
Eyni zamanda F.Abdullayev bildirib ki, 2009-cu ildə onun başçılıq etdiyi bank vəsaitlərin cəlb edilməsi siyasətində diversifikasiya principinə sadiq qalmaq əzmindədir. Bu zaman cəlbetmə xarici və Rusiya rezidenti olan banklarla bərabər, fiziki şəxslərə təklif olunan geniş əmanət proqramları hesabına aparılacaq. Bundan başqa, ABB-nin Rusiyadakı törəmə bankı öhdəliklərində dollarla yanaşı daha çox rubl vəsaitlərinin artırılmasına çalışacaq. Ötən ilin yekunları üzrə rəsmi audit rəyinin tam hazır olandan sonra isə, «ABB-Moskva» beynəlxalq reytinq agentlikləri ilə danışıqları davam etdirməyə hazır olacaq. F.Abdullayev qeyd edib ki, bu ilin iyul-avqust aylarında bankın ilk dəfə beynəlxalq reytinq alması məsələsi gerçəkləşə bilər. «Nüfuzlu reytinq agentliyindən reytinq almağımız birbaşa Rusiya Mərkəzi Bankı və bir sıra güclü özəl banklardan sərfəli və əlverişli kredit xətlərinin açılmasına gətirib çıxaracaq», - deyə F.Abdullayev vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR