Azərbaycanda bank və qeyri-bank təşkilatlarının ayırdığı yeni kreditlərin həcmi kəskin azalıb

Azərbaycanda bank və qeyri-bank təşkilatlarının ayırdığı yeni kreditlərin həcmi kəskin azalıb
# 10 aprel 2009 11:57 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2009-cu ilin fevral ayında verilən yeni kreditlərin həcmi cəmi 67,3 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin məlumatına görə, cari ilin yanvar-fevral aylarında yeni borcalmaların məcmu həcmi 537,4 mln. manata çataraq ötən ilin ilk iki ayına nisbətən 57% azalıb. Bu zaman hesabat ayında cari ilin yanvar ayı ilə müqayisədə yeni kreditlərin həcmi 7 dəfə azalıb. Bu azalmanın əsas səbəbi kimi AMB-nin mütəxəssisləri qeyd olunan dövr ərzində ödənilən kreditlərin məbləğinin 1 541,7 mln. manata çatmasını göstərirlər. Buna baxmayaraq, fevral ayında kredit qoyuluşlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,1% artaraq 6 692,5 mln. manat təşkil edib. Lakin ay ərzində kredit portfellərin «zəifləməsi» 508,8 mln. manat və yaxud 7,07% səviyyəsində olub. AMB-nin hesablamalarına əsasən, kredit qoyuluşlarının ÜDM-də xüsusi çəkisi (qeyri-neft sektoru üzrə) 36,2%-ə çatıb.

Maraqlıdır ki, kredit qoyuluşlarının genişlənməsinin başlıca mənbəyi banklarda məhz əmanət və depozitlərin artımı hesab olunur. Xatırladaq ki, əmanət və depozitlərin məbləği cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü illə müqayisədə 1,4% artaraq 3 920,6 mln. manat təşkil edib. Bununla belə, hesabat ayında depozit və əmanətlərin məcmu həcmi 192,6 mln. manat və yaxud 4,68% azalıb.

Qeyd edək ki, yanvar ayında cəmi kredit qoyuluşunun 97,3%-ni banklar tərəfindən verilən kreditlər, 2,7%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşunda «Aqrarkredit» qeyri-bank kredit qurumunun payı 9,2% təşkil edib (cəmi kredit qoyuluşunda - 0,2%), bankların kredit qoyuluşlarında özəl bankların payı isə cari ilin yanvar ayında 54,6%-ə bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR