«Azər-Asiya» sığorta şirkətinin iranlı səhmdarları təşkilatın ləğv edilməsinə razılıq vermir

«Azər-Asiya» sığorta şirkətinin iranlı səhmdarları təşkilatın ləğv edilməsinə razılıq vermir
# 20 aprel 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı keçirilib.
«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda əsas müzakirə obyekti səhmdarlar tərəfindən şirkətin ləğv olunması ilə bağlı komissiyanın yaradılması məsələsi olub: «Lakin ləğvetmə komissiyasının yaradılması üçün yetərsay səs toplanmayıb. Belə ki, iranlı səhmdarlar sözügedən komissiyanın yaradılmasına dair səs verməyiblər».
Ə.Mirzəyevin sözlərinə görə, səhmdarların növbəti iclasının bu ilin may ayının 13-də keçirilməsi planlaşdırılır. Bu iclasda şirkətin 2008-ci il üzrə maliyyə hesabatının nəticəsi müzakirə olunacaq.
Xatırladaq ki, sonuncu iclas ötən ilin dekabrın 1-də Tehranda (İran) keçirilib və yığıncaqda konkret qərar qəbul olunmayıb.
Qeyd edək ki, 2008-ci ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdır.
Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR