«Əmrahbank» nizamnamə kapitalını 40% artırır

«Əmrahbank» nizamnamə kapitalını 40% artırır
# 21 aprel 2009 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində nizamnamə kapitalını 40% artıraraq 17,921 mln. manata çatdıracaq. «APA-Economics»in məlumatına görə, bununla bağlı qərar bankın səhmdarlarının və Müşahidə Şurasının ümumi iclasında qəbul edilib.
Ümumi yığıncaqda aparılan müzakirələr zamanı səhmdarlar tərəfindən bankın nizamnamə kapitalının 5,1 mln. manat artırılması, Audit Komitəsinin üzvlərinin təyin edilməsi, bankın yeni missiya və məqsədinin təsdiq olunmasına dair qərarlar qəbul olunub. Eyni zamanda, Müşahidə Şurası bankın yeni strateji planı, 2009-cu il üzrə illik büdcənin təsdiqi və Daxili Komitənin üzvlərinin təyin olunmasına dair qərar qəbul edib.
Bununla yanaşı, «Əmrahbank»ın maliyyə direktoru Fazil Hüseynov bankın cari ilin yanvar ayının 1-nə olan maliyyə göstəricilərini açıqlayıb. Belə ki, F.Hüseynovun sözlərinə görə, yanvarın 1-nə bankın ümumi aktivlərinin həcmi 62,4 mln. manat, məcmu kapitalı 21,8 mln. manat, xalis mənfəəti isə 3,4 mln. manat olub.
Qeyd edək ki, 1993-cu ildə yaradılan «Əmrahbank» SKB ölkənin aparıcı kommersiya banklarından biridir. Bank müştərilərinə depozitlər, kreditlər, pul köçürmələri, sənədli əqdlər, investisiya məsləhətləri və digər geniş çeşidli pərakəndə və korporativ xidmətlər göstərir. Ötən ilin yekunlarına görə, bank respublikada ROE əmsalı üzrə üçüncü, filial şəbəkəsi baxımdan isə səkkizinci yeri tutub.
Bank həmçinin Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan İpoteka Fondu, Sahibkarlığa Kömək Milli Fondu və s. ixtisaslaşmış təşkilatların üzvüdür.
Mərkəzi Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı (BİB) ilə bu yaxınlarda qurulan strateji tərəfdaşlıq (49%-lik səhm paketi) «Əmrahbank»ın bir sıra sahələri, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyəti və çeşidinin daha da genişləndirilməsində mühüm rol oynayır.
Xatırladaq ki, BİB Bəhreyndə investisiya bankı kimi təsis edilib. BİB-in səhmdarları sırasına ərəb ölkələrini təmsil edən yüksək şəxsi kapitala malik şəxslər, maliyyə evləri və nüfuzlu maliyyə institutları daxildir. Bank öz fəaliyyətini əsasən üç istiqamətdə həyata keçirir ki, bura fərdi sərmayələr, daşınmaz əmlak və aktivlərin idarə edilməsi daxildir. BİB Orta Şərq və Avropanın bir çox inkişaf etmiş ölkələrində 2,2 mlrd. ABŞ dollarından artıq həcmdə investisiyaların yerləşdirilməsində iştirak edib. «Əmrahbank» ilə birgə fəaliyyətdə də BİB-in əsas məqsədlərindən biri Azərbaycanda, eləcə də MDB ölkələrində böyük məbləğli investisiyalar yatırmaqdan ibarətdir.
Xatırladaq ki, 2009-cu ilin əvvəlinə «Əmrahbank»ın aktivlərinin həcmi 62,396 mln. manat, depozit portfeli 32,688 mln. manat, kredit portfeli 39,583 mln. manat, məcmu kapitalı 21,775 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Bankın respublika üzrə 22 filialı, 2 mübadilə məntəqəsi, 12 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR