Azərbaycan Milli Bankının xarici aktivləri kəskin azalıb

Azərbaycan Milli Bankının xarici aktivləri kəskin azalıb
# 22 aprel 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) məcmu beynəlxalq (xarici) aktivlərinin həcmi 2009-cu ilin aprelin 1-nə 4 190,3 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin aprelin əvvəli ilə müqayisədə 229,7 mln. manat və ya 5,8% artıb. Lakin cari ilin əvvəlindən Milli Bankın məcmu xarici aktivlərinin həcmi 989,9 mln. manat və ya 19,1%, təkcə mart ayında isə 621 mln. manat və ya 12,9% azalıb.
Beləliklə, son illər ərzində AMB-nin məcmu xarici aktivləri nəzərə çarpan dərəcədə artdığı halda, son aylarda azalma müşahidə olunur. Məsələn, 2006-cı ildə bu göstəricinin artımı 1 097 mln. manat və ya 2 dəfə, 2007-ci ildə 1 433,2 mln. manat və ya 66%, 2008-ci ildə isə 1 568,2 mln. manat və ya 43% təşkil edib. Yəni, cari ilin ilk rübü ərzində Milli Bankın məcmu xarici aktivləri ötən ilin artımının 63%-i səviyyəsində azalıb ki, bu da diqqəti cəlb edən bir amildir, çünki dünya maliyyə böhranının Azərbaycana olan təsiri birbaşa əks etdirir. Belə ki, məlum olduğu kimi, hər hansı ölkənin mərkəzi bankının xarici aktivlərinin azalması əsasən iki səbəbdən baş verə bilər ki, bunlardan biri aktivlərin dəyərdən düşməsi, digəri isə aktivlərin geri çağırılaraq xərclənilməsidir. Hazırda demək olar ki, hər iki səbəb qüvvədədir. Göründüyü kimi, böhran nəticəsində dünya maliyyə bazarında baş verən qiymət, kotirovka və indekslərin enməsi, dünya ehtiyat valyutalarının qalxıb-düşməsi kimi hadisələr AMB-nin xarici aktivlərinin dəyərinə də toxunub. Digər tərəfdən, manatın dollara qarşı davamlığının təmin edilməsi üçün Milli Bankın valyuta müdaxiləsi də ehtiyatların və xarici aktivlərin azalmasına birbaşa təsir göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR