«Kapital Bank»ın depozitləri son bir ildə 11% azalıb

«Kapital Bank»ın depozitləri son bir ildə 11% azalıb
# 23 aprel 2009 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 341,534 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-i ilə müqayisədə 35,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11% azalaraq 174,914 mln. manat, kredit portfeli 37,3% artaraq 168,059 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 6,7% artaraq 62,266 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 2,1 dəfə artaraq 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 88,2% artaraq 20,003 mln. manata, xərcləri isə 61% artaraq 13,174 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2,8 dəfə artaraq 6,829 mln. manat təşkil edib.
Bu müddət ərzində bank əlavə 1 mübadilə məntəqəsi açıb, 14 bankomat və 11 POS-terminal quraşdırıb. Eyni zamanda, bank üzrə orta aylıq əmək haqqı 8% artaraq 270 manat, işçilərin sayı isə sabit qalaraq 2 177 nəfər təşkil edib.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildə 100% dövlət bankı kimi fəaliyyətə başlayıb. Ötən il aparılan özəlləşdirmənin nəticələrinə əsasən, hazırda «Kapitalbank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir. Bankın respublika üzrə 88 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR