«UniBank»ın maliyyə göstəriciləri kəskin azalıb

«UniBank»ın maliyyə göstəriciləri kəskin azalıb
# 24 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 374,181 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,4% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 29% azalaraq 89,353 mln. manat, kredit portfeli 7,3% azalaraq 286,677 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 60,5% azalaraq 121,309 mln. manat olub.
Bu müddət ərzində bankın məcmu kapitalı 29,5% artaraq 68,9 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 12,3% azalaraq 28,828 mln. manata, xərcləri isə 8,9% artaraq 26,366 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 33% azalaraq 2,462 mln. manat, xalis mənfəəti isə 32,6% azalaraq 1,920 mln. manat olub.
Xatırladaq ki, bu müddət ərzində bank tərəfindən əlavə 7 filial açılıb. Eyni zamanda, bankın işçilərinin sayı 19% artaraq 601 nəfərə çatıb.
Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR