«MBASK» sığorta şirkəti yaxın aylar ərzində nizamnamə kapitalını 2 dəfədən çox artıracaq

«MBASK» sığorta şirkəti yaxın aylar ərzində nizamnamə kapitalını 2 dəfədən çox artıracaq
# 03 dekabr 2009 07:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti cari ilin sona kimi nizamnamə kapitalını 50% artıraraq 3 mln. manata çatdıracaq.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qərar şirkətin səhmdarlarının bu yaxınlarda keçirilən ümumi iclasında qəbul edilib. Qərara əsasən, şirkətin nizamnamə kapitalının artırılması üçün əlavə 1 mln. manat həcmində səhmlər buraxılacaq.

Şirkətdən bildirib ki, «Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında» qanununa müvafiq olaraq, «MBASK»ın səhmdarları şirkətin 2009-cu il ərzində əldə etdiyi bütün gəliri kapitalın artırılmasına yönəltməyi qərara alıblar.

Həmçinin, səhmdarlar tərəfindən qəbul edilmiş qərarlar nəticəsində şirkətin nizamnamə kapitalı 2010-cu ilin birinci rübündə əlavə olaraq ən azı daha 1,5 mln. manat artırılacaq.

Şirkətin İdarə Heyəti sədrinin müavini Rəşad Abbasovun sözlərinə görə, 2010-cu ildə şirkət daxilolmaların artırılması, müştəri bazası və sığorta məhsulları çeşidinin genişləndirilməsi hesabına toplanan sığorta haqlarının həcmini ən azı 50% artırırmaq niyyətindədir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR