«AccessBank» AYİB-dən manatla ilk sintetik kreditini cəlb edəcək

«AccessBank» AYİB-dən manatla ilk sintetik kreditini cəlb edəcək
# 08 dekabr 2009 15:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Londonda keçirilən Azərbaycan İnvestisiya Sammitində «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən manatla ilk sintetik kreditin ayrılmasına dair saziş imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sintetik kredit əsasında AYİB «AccessBank»a pul vəsaitlərini ABŞ dolları ilə verəcək, amma «AccessBank»ın AYİB qarşısındakı borc öhdəlikləri həmin vəsaitlərin manat ekvivalentində olacaq. AYİB tərəfindən 4 il müddətinə ayrılacaq 10 mln. ABŞ dolları (8 mln. manat) həcmində vəsait Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf ediləcək.

«AccessBank»ın baş meneceri Endryu Pospilovskinin sözlərinə görə, manatla verilmiş bu kredit «AccessBank»ın daha çox sayda azərbaycanlı biznesmenə milli valyuta ilə maliyyə yardımı göstərməsinə imkan yaradacaq, eləcə də valyuta riskini aradan qaldıraraq kreditlərin manatla qaytarılması ilə əlaqədar müştərilərin işini asanlaşdıracaq. «Bununla bərabər, valyuta kursundan asılılıq da aradan qalxacaq. Bu, Azərbaycanın biznes ictimaiyyəti üçün gözəl yenilikdir», - deyə baş menecer bildirib.

Qeyd edək ki, sintetik kredit vəsaitin manatla cəlb edilib, dollarla ödənilməsidir.

«AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrın 8-də brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 270,313 mln. manat, depozit portfeli 41,519 mln. manat, kredit portfeli 219,395 mln. manat, məcmu kapitalı 56,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR