«Bank Respublika»dakı müştəri hesablarının həcmi 22% artıb

«Bank Respublika»dakı müştəri hesablarının həcmi 22% artıb
# 15 dekabr 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) müştəri hesablarında vəsaitlərin həcmi dekabr ayının 1-nə 165,4 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 21,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankda yerləşdirilən fiziki şəxslərin əmanətləri 44,6% artaraq 114,8 mln. manata, əhalinin əmanətləri isə 52,3% artaraq 97,7 mln. manata çatıb.

Həmçinin, bankın aktivlərinin həcmi dekabrın 1-nə 368,9 mln. manat, kredit portfeli 226,3 mln. manat, məcmu kapitalı 59,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,6 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində bankın gəlirləri 51,1 mln. manat, xərcləri isə 41,9 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 9,2 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ildən bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payına malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR