«DəmirBank» xaricdən yeni kredit cəlb edib

«DəmirBank» xaricdən yeni kredit cəlb edib
# 22 dekabr 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseyquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankı (SKB) ilə Belçikanın «VDK Spaarbank N.V.» arasında 2 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsinə dair kredit müqaviləsi imzalayıb. Kredit «Incofin İnvestisiya Fondu»nun təşkilatçılığı cəlb olunub.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iki il müddətinə cəlb edilmiş kredit Azərbaycanda mikrokreditləşmənin inkişafına yönəldiləcək.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank» SKB «VDK Spaarbank»la 2007-ci ildən əməkdaşlıq edir və birgə əməkdaşlıq zamanı yaranmış etibar sayəsində yeni kredit müqaviləsi banka təminatsız olaraq ayrılıb: «Qazanılan etibar və inam nəticəsində «DəmirBank» bir sıra maliyyə təşkilatından cəlb etdiyi vəsaitləri mikro və kiçik kreditlərin verilməsinə yönəldir ki, bu da öz növbəsində sahibkarların fəaliyyətini genişləndirməyə kömək edir».

Qeyd edək ki, «DəmirBank» SKB (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR