«Texnikabank» ötən il aktivlərini 4% artırıb

«Texnikabank» ötən il aktivlərini 4% artırıb
# 22 yanvar 2010 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 467,818 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 3,94% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 0,6% genişlənərək 183,393 mln. manat, kredit portfeli 4,2% artaraq 351,999 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 38% azalaraq 39,836 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 16,2% artaraq 59,927 mln. manat, o cümlədən nizamnamə kapitalı 55% artaraq 41,712 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın ümumi gəlirləri 2008-ci ilin yekunu ilə müqayisədə 11,1% azalaraq 65,553 mln. manat, xərcləri isə 6,1% azalaraq 52,841 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 27,5% azalaraq 12,712 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 11 bankomat və 12 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 23,4% artaraq 116 924 nəfər, işçilərinin sayı isə 6,2% artaraq 613 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 57 bankomatı və 340 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR