Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 25 yanvar 2010 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales İndex – RSI) 2009-cu ilin dekabr ayı üzrə 133,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, noyabr ayında bu indeks 97,7%-ə, oktyabrda isə 102,9%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, ötən ilin dekabr ayında ümumi pərakəndə dövriyyəsi 1 338,6 mln. manat, noyabrda 1 000,8 mln. manat, oktyabrda 1 024,8 mln. manat, sentyabr ayında isə 995,9 mln. manat təşkil edib.

RSI indikatoru əhali tərəfindən mal alışının birbaşa dinamikasını əks etdirir və həmin indeks əsas nisbi makroiqtisadi göstəricilərdən biridir. Bu göstəricinin 100%-dən aşağı olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə azaldığını göstərir ki, bu da istehlak bazarında geriləmə göstəricisi kimi qiymətləndirilir. Digər tərəfdən, indeksin artması və 100%-dən çox olması pərakəndə ticarət artımını göstərir.

Qeyd edək ki, dekabrda əvvəlki ayla müqayisədə 34%-lik artım müəyyən dərəcədə Yeni İl bayramı ilə əlaqəli ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR