Sabah Azərbaycanda beynəlxalq bank-maliyyə sərgi-konfransı işə başlayır

Sabah Azərbaycanda beynəlxalq bank-maliyyə sərgi-konfransı işə başlayır
# 12 aprel 2010 12:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, konfransda Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov qlobal maliyyə böhranı şəraitində belə bir sərgi-konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. R.Orucov bildirib ki, AMB ənənəvi olaraq bu cür konfrans və sərgilərin keçirilməsini dəstəkləyir.

Tədbirdə sərgi-konfransın əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov sabah işə başlayacaq tədbirlə bağlı ərtarflı məlumat verib. F.Məmmədovun sözlərinə görə, sərgi-konfransda 200-dən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, konfrans və sərgiyə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstək verilir. Azərbaycanın «Amrahbank» ASC və «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti tədbirin sponsorları qismində çıxış edir.

Bank-maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin mərkəzi bankları, maliyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqların iştirak edəcəyi gözlənilir.
Konfransda EBRD, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan və Rusiya banklar assosiasiyasının nümayəndələri çıxış edəcək.

«Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri» mövzusunda keçiriləcək konfransın ilk günündə kommersiya bankları və müəssisələr üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişaf perspektivləri də müzakirə ediləcək. Tədbirdə regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna həsr edilmiş ayrıca sessiya keçiriləcək.

Konfransın ikinci gününün əsas mövzusu «Böhran dövründə İslam bank fəaliyyəti prinsiplərinin yüksək effektliyi və bunun üçün əsaslar» olacaq. Bu müzakirənin əsas iştirakçıları xüsusi olaraq dəvət edilmiş bu sahənin mütəxəssisləri - Yaxın Şərq ölkələrindən olan bank nümayəndələri olacaq.

Qeyd edək ki, konfransla paralel olaraq «Banklar və Maliyyə» sərgisi də keçiriləcək və bu sərgidə Azərbaycanın aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər iştirak edəcək. Səgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşki edəcək.

Xatırladaq ki, APA İnformasiya Agentliyi sərgi-konfransda baş onlayn dəstək verən təşkilat kimi iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR