Auditorlar Palatası Lənkəranda tədbir keçirib

Auditorlar Palatası Lənkəranda tədbir keçirib
# 16 aprel 2010 12:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda şəhər İcra Hakimiyyəti (ŞİH), Azərbaycan Auditorlar Palatası və GRBS Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda seminar-müşavirə keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və müvafiq iqtisadi qurumların nümayəndələrinin, regiondakı təsərrüfat subyektlərinin rəhbərlərinin və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanov açıb.
Daha sonra “Sosial-iqtisadi inkişafın Azərbaycan modelində şəffaflıq amili” mövzusunda Auditorlar Palatasının sədri Vahid Novruzovun məruzəsi dinlənilib. V.Novruzov çıxışında şəffaflığın korrupsiyaya qarşı mübarizədə bir problem kimi dünyada mövcudluğunu, hətta ən inkişaf etmiş ölkələrdə də “kölgə iqtisadiyyatı”nın səviyyəsinin kifayət qədər yüksək olduğunu və prezident İlham Əliyevin apardığı siyasətin də məhz ölkə iqtisadiyyatında şəffaflığın daha da artırılmasına, dünya iqtisadiyyatında mövcud olan neqativ halların bizim iqtisadiyyata nüfuz etməsinin qarşısını almaqdan ibarət olduğunu qeyd edib.
Seminar zamanı bildirilib ki, bu gün Avropadakı müəssisələrin 22%-də, təxminən 1/4-də korrupsiya halları aşkar olunub. Təkcə Almaniya və Böyük Britaniyada iqtisadiyyatın 16 faizini kölgə iqtisadiyyatı təşkil edir. Rusiyada isə korrupsiyanın səviyyəsi həmin ölkənin dövlət büdcəsi səviyyəsinə - təxminən 240 mlrd. dollar yaxındır. Belə bir halda prezident İlham Əliyevin imzaladığı “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın tətbiqi sayəsində Azərbaycan iqtisadiyyatında korrupsiya və digər neqativ halların minimuma enməsi müşahidə olunur.
Qeyd edək ki, Auditorlar Palatası bu ildən ölkənin audit sistemində beynəlxalq standartların tətbiqinə başlayıb və MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda daxili audit haqqında qanun qəbul olunub.
Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR