Yanvar-mart aylarında Azərbaycanda əhaliyə satılan malların həcmi 9% artıb

Yanvar-mart aylarında Azərbaycanda əhaliyə satılan malların həcmi 9% artıb
# 16 aprel 2010 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 8,9% artaraq 4 142,1 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 75,1% və 24,9% təşkil edib.

Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 88,7%-i özəl müəssisələr hesabına əldə edilib, bu müəssisələr tərəfindən əhaliyə 3 833,6 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Ötən 3 ay ərzində əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 155,2 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 143,6 manatı (92,5%-i) özəl müəssisələrdə reallaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR