«DəmirBank»ın aktivləri son bir ildə 32% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 32% artıb
# 21 aprel 2010 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 281,802 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 32,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 78,4% genişlənərək 101,510 mln. manat, kredit portfeli 16% artaraq 185,262 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 12,8% azalaraq 56,490 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 23,6% artaraq 47,637 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,8% artaraq 19 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 9,6% artaraq 9,842 mln. manat, xərcləri isə 28% artaraq 8,655 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 46,3% azalaraq 1,186 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayıın 1-nə bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR