“AccessBank” AFFA-ya və Azərbaycanın milli futbol komandalarına sponsorluq edəcək

“AccessBank” AFFA-ya və Azərbaycanın milli futbol komandalarına sponsorluq edəcək
# 29 aprel 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» QSC Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müqaviləni imzalamaqla «AccessBank» Azərbaycan milli futbol yığmasının, qadın yığma komandasının, futzal yığma komandasının, Azərbaycan çimərlik futbol yığmasının, eləcə də gənc yığma komandaların (U-15, U-16, U-17, U-19, U-21) 4 il müddətinə rəsmi sponsoru olub.

«AccessBank» AFFA-nın bütün Azərbaycan məktəblərində, xüsusilə də uşaqlar arasında futbolun inkişafına istiqamətlənmiş dəyərli fəaliyyətini dəstəkləyir və bu məqsədə nail olmaq üçün AFFA ilə əməkdaşlıq etməyə hazırdır.

Bakın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, «AccessBank» Azərbaycanın inkişaf etdirilməsi məqsədilə təsis olunub. «Hazırda biz kiçik sahibkarlığın və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verməkdə işimizi davam etdiririk. Biz məmnunuq ki, artıq Azərbaycan futbolunun inkişafına - idman və sağlam həyat tərzinin inkişafına da kömək edə biləcəyik. AFFA ilə bu müqaviləni imzalamaqla biz gələcəkdə bir sıra zirvələri fəth edəcəyimizə əminik», - deyə E. Pospielovski qeyd edib.

Qeyd edək ki, “AccessBank” 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR