«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırır

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 29 aprel 2010 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «A-Group» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 342 manat, sayı 7 750 ədəd, emissiyanın ümumi həcmi isə 2 650 500 manat təşkil edir.

Emissiya «A-Group»un bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 200 manat olan 7 750 ədəd – 1,550 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 71% artaraq 2 650 500 manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat, sığorta polislərinin sayı isə 16 min təşkil edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,411 mln. manat, sığorta ödənişləri isə 5,102 mln. manat olub.
Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR