Bakıda İslam İnkişaf Bankı Direktorlar Şurasının iclası işə başlayıb

Bakıda İslam İnkişaf Bankı Direktorlar Şurasının iclası işə başlayıb
# 21 iyun 2010 07:19 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasın gündəliyinə bir sıra mühüm məsələlər, o cümlədən Bankın qrupuna daxil olan yeni üzv ölkələrlə strateji tərəfdaşlıq, xüsusən Türkiyə ilə imzalanmış tərəfdaşlıq sazişinin təsdiqlənməsi məsələsi daxil edilib.

Tədbir zamanı İslam İnkişaf Bankı qrupunun İslahat Proqramının icrasında əldə olunan nailiyyətlər üzrə hesabat, 2008-ci ilin iyununda İİB-in Direktorlar Şurasının Ciddə şəhərində keçirilən görüşü zamanı qəbul olunan bəyannamənin yerinə yetirilməsi üzrə hesabat və digər məsələlər nəzərdən keçirilib. Xatırladaq ki, Ciddə Bəyannaməsi ilə ehtiyacı olan üzv ölkələrə beynəlxalq ərzaq böhranı ilə mübarizə aparmaqda yardım göstərmək məqsədilə 1,5 mlrd. dollar ayrılıb.

İclasda həmçinin, iyunun 23-24-də Bakıda İİB-in Direktorlar Şurasının maliyyə, iqtisadiyyat və planlaşdırma nazirlərinin iştirakı ilə 35-ci İllik Toplantısının keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Bundan əlavə, toplantı zamanı bir sıra inzibati və texniki məsələlər, bir sıra üzv ölkələrdə yeni inkişaf layihələrinin maliyyələşdirilməsi, həmçinin banka üzv olmayan ölkələrdə müsəlman icmaları üçün qrant və yardımlar müzakirə olunub.

İyunun 20-də həmçinin, İslam İnkişaf Bankının qurumları - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR