Böyük Britaniyada çalışan əcnəbi diplomatların külli miqdarda borcu yaranıb

Böyük Britaniyada çalışan əcnəbi diplomatların külli miqdarda borcu yaranıb
# 29 iyun 2010 13:31 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyada çalışan əcnəbi diplomatların bu dövlətə külli miqdarda borcu yaranıb.

APA-Economics”in “The Guardian”a istinadən xəbərinə görə, bu fakt Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin parlamentə təqdim etdiyi məruzədə əksini tapıb.

Məlum olub ki, ABŞ-ın Böyük Britaniyada çalışan diplomatlarının borcu rekord həddə çatıb - 3,8 mln. funt-sterlinq. Buna səbəb amerikalı diplomatların nəqliyyat vergisini və müxtəlif cərimələri ödəməkdən boyun qaçırmasıdır.

ABŞ-ın Böyük Britaniyadakı səfirliyindən isə bildirilib ki, onlar bütün yerli qanunlara riayət edir və yol hərəkəti qaydalarının pozulmasına görə cərimə ödəməkdən imtina etmirlər: “Amma nəqliyyat vergisinin ödənilməsi diplomatik və konsul xidmətləri haqqında Vyana Konvensiyasının müddəalarına ziddir”.

Rusiyanın Böyük Britaniyadakı səfirliyinin nəqliyyat vergisinə görə borcu 3,2 mln. funt-sterlinqi keçib. “Transport for London” dövlət şirkətinin nümayəndəsi bu pulu son qəpiyinədək almaq niyyətində olduqlarını bəyan edib.

Qeyd edək ki, Böyük Britaniyada çalışan əcnəbi diplomatlar diplomatik toxunulmazlıqdan istifadə edərək, çoxsaylı qanun pozuntularına görə cəzadan yayınırlar. Bu qanun pozuntuları sırasında cinayət sayılan əməllər də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR